Новости

Cənab Prezident İlham Əliyev Bakıda görkəmli bəstəkar Qara Qarayevin abidəsinin açılışında iştirak etmişdir

Bakının 28 May küçəsində Azərbaycan mədəniyyətinin ən görkəmli nümayəndələrindən biri, bəstəkar və pedaqoq, SSRİ Xalq Artisti, Sosialist Əməyi Qəhrəmanı Qara Qarayevin abidəsi açılmışdır.

Mərasimdə  Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva iştirak etmişlər. 

Prezident İlham ƏLİYEV mərasimdə çıxış edərək dedi:

- Hörmətli xanımlar və cənablar, əziz dostlar.

Bu gün ölkəmizin həyatında çox əlamətdar bir gündür. Bu gün biz Bakının mərkəzində böyük bəstəkar Qara Qarayevin abidəsinin açılışına toplaşmışıq. Böyük bəstəkarın doğum günü ərəfəsində bu abidənin açılışı münasibətilə Qara Qarayevin ailə üzvlərini, Azərbaycanın musiqi ictimaiyyətini, bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm.

Qara Qarayev Azərbaycan xalqının böyük oğludur, böyük şəxsiyyətdir, dahi bəstəkardır. O, Azərbaycanı, Azərbaycan xalqını ləyaqətlə təmsil edirdi. Onun fəaliyyəti sayəsində Azərbaycanı sovet məkanında və dünyada daha da yaxından tanıdılar. O, Azərbaycan xalqını, Azərbaycan musiqi mədəniyyətini dünyaya tanıtdırırdı. Onun yaşayıb-yaratdığı dövrdə Azərbaycan müstəqil deyildi və ancaq Azərbaycan xalqı incəsənət, ədəbiyyat, musiqi sahəsində öz istedadını dünya ictimaiyyətinin diqqətinə çatdıra bilirdi. Əlbəttə, Qara Qarayevin əsərlərini dinləyən tamaşaçılar anlayırdılar ki, ancaq istedadlı xalqın nümayəndəsi belə gözəl əsərləri yarada bilər.

Qara Qarayevin əsərləri ölməzdir. Onlar bu gün də yaşayır, bundan sonra da yaşayacaqdır, əbədi yaşayacaqdır. Bir sözlə, bu böyük şəxsiyyət bizim milli fəxrimizdir. Azərbaycan klassik musiqisinin inkişafında onun danılmaz və müstəsna xidmətləri vardır. Eyni zamanda, bildiyiniz kimi, o, milli musiqiyə də çox bağlı idi. Xalq mahnıları, bizim milli musiqimiz onun fəaliyyətinə, yaradıcılığına böyük təsir göstərmişdir.

Eyni zamanda, Qara Qarayev gözəl müəllim idi. Azərbaycan Dövlət Konservatoriyasının rektoru vəzifəsində işləyirdi. Onun davamçıları öz növbəsində Azərbaycan musiqi mədəniyyətini zənginləşdirmişlər. Bir sözlə, çox istedadlı adam idi, dostluğa da çox sadiq idi. Bildiyimə görə, onun dostluqla bağlı fikirləri çox maraqlı idi. Ulu öndər Heydər Əliyev ilə onların çox yaxın münasibətləri var idi. Qarşılıqlı hörmət, qarşılıqlı rəğbət əsasında qurulmuş bu münasibətlər nümunəvi xarakter daşıyırdı. Mən də gənclik, yeniyetməlik dövrümdə bir neçə dəfə onların bir yerdə təşkil etdiyi məclislərdə iştirak edirdim. O səmimi münasibətləri görürdüm, duyurdum və belə də olmalı idi. Çünki bir daha demək istəyirəm ki, Qara Qarayev Azərbaycan xalqının görkəmli nümayəndəsidir, milli fəxrimizdir. Hər bir Azərbaycan vətəndaşı haqlı olaraq fəxr edir ki, onun Qara Qarayev kimi böyük nümayəndəsi olmuşdur və vardır.

Qara Qarayev Sovet İttifaqı çərçivəsində ən yüksək mükafatlarla təltif edilmişdir. Haqlı olaraq təltif edilmişdir, gənc yaşlarında bu mükafatlara layiq görülmüşdür. Ona ən yüksək ordenlər, ən yüksək mükafatlar verilmişdir. Əlbəttə, əgər o, müstəqillik illərində yaşasa idi, müstəqil Azərbaycan dövlətinin ən böyük mükafatları ilə təltif olunardı. Əfsuslar olsun ki, o, həyatdan tez getdi. Daha çox yaşaya bilərdi, daha çox yarada bilərdi. Ancaq onun yaratdığı əsərlər Azərbaycan musiqisinin zirvəsidir. Biz hamımız bir daha onun ölməz xatirəsi qarşısında baş əyirik. Mən çox şadam ki, bu gün bu gözəl yerdə, tarixi yerdə, onun yaşadığı evin yaxınlığında bu gözəl abidə açılır.

Azərbaycan musiqi mədəniyyəti çox zəngindir. Biz haqlı olaraq fəxr edirik ki, gözəl musiqimiz vardır. Xalq musiqimiz, muğam sənəti ümumdünya musiqi sənətinin zirvəsidir. Bu gün Azərbaycan musiqisini inkişaf etdirən bəstəkarlar, sənət adamları öz töhfəsini verirlər ki, bu ənənələr davam etsin, bu ənənələr kəsilməsin, istedadlı musiqiçilər, bəstəkarlar yetişsin. Bu məqsədlə Azərbaycan dövləti əlindən gələni edir və edəcəkdir.

Azərbaycanın musiqi həyatı zəngindir, ölkəmizdə müxtəlif beynəlxalq tədbirlər, dünya səviyyəli festivallar, müsabiqələr keçirilir. Eyni zamanda, biz Azərbaycan musiqisini dünyada da təqdim edirik. Müxtəlif konsertlər, müsabiqələr, festivallar keçirilir. Yəni, hesab edirəm ki, bu gün Azərbaycan, o cümlədən bu istiqamətdə də uğurla inkişaf edir. Mədəniyyətlə, tarixlə bağlı olan bütün tədbirlər yüksək səviyyədə keçirilir. Bizim tarixi irsimiz qorunub saxlanılır. Memarlıq abidələri bərpa edilir. Muzeylər, teatrlar, konsert salonları təmir edilir, tikilir. Bakıda, bölgələrdə mədəniyyət mərkəzləri açılır. Yəni, bu, Azərbaycan dövlətinin bu sahəyə göstərdiyi diqqətin nəticəsidir.

Hər bir ölkənin inkişafı üçün onun mədəni həyatı xüsusi əhəmiyyət daşıyır. Biz uzun illər, əsrlər boyu müstəqillikdən məhrum idik. Ancaq müstəqilliyə olan sevgimizi ürəyimizdə yaşatmışdıq. Musiqimiz, ana dilimiz, ədəbiyyatımız, incəsənətimiz bizi bir xalq kimi qorudu və bu gün Azərbaycan xalqı öz taleyinin sahibidir. Bu gün Azərbaycan dünya miqyasında ən sürətlə inkişaf edən dövlətdir.

Qara Qarayevin xatirəsi müstəqil Azərbaycan dövləti tərəfindən əbədiləşdirilib. Onun adına prospekt, metro stansiyası, incəsənət məktəbi vardır. Bu gün onun gözəl abidəsi Bakının tarixi yerində açılır. Bu münasibətlə bir daha bütün Azərbaycan xalqını ürəkdən təbrik etmək istəyirəm. Bir daha ümumi fikri ifadə edərək demək istəyirəm ki, Qara Qarayevin əziz xatirəsi və onun ölməz əsərləri Azərbaycan xalqının qəlbində əbədi yaşayacaqdır. Sağ olun.