Xəbərlər

20 Yanvar- Memorial abidə kompleksi önündə tədbir

20 Yanvar Azərbaycan xalqının həm hüzn, həm də şərəf günüdür. Qanlı Yanvar faciəsinin qurbanları dövlət müstəqilliyimizin qazanılması yolunda şəhid olublar. 20 Yanvar şəhidləri tariximizə qəhrəmanlıq səhifələri yazıblar. Onların xatirəsi xalqımızın yaddaşında əbədi qalacaq.

Yasamal Rayon İcra Hakimiyyəti 20 Yanvar Memorial Abidə Kompleksinin önündə 20 Yanvar faciəsinin 29-cu ildönümünə həsr olunan tədbir keçirdi.

Tədbir, bütün ölkə ərazisində olduğu kimi, bir dəqiqəlik sükutla başladı. Yasamal rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov abidə önünə əklil qoyaraq şəhidlərin xatirəsini ehtiramla yad etdi. Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndi.

Tədbirdə rayonun hüquq-mühafizə orqanlarının, rayon Bələdiyyəsinin, təhsil və səhiyyə müəssisələrinin rəhbərləri, ictimai birliklərin və YAP rayon təşkilatının sədrləri,eləcə də rayon ağsaqqalları,ictimaiyyət nümayəndələri və şəhid ailələri, rayonun bütün idarə və müəssisələrinin kollektivləri abidə önünə əklillər və gül dəstələri düzərək Azərbaycanın suverenliyi və azadlığı uğrunda şəhid olanların əziz xatirəsini yad etdilər.

20 Yanvar şəhidlərinin ailə üzvləri ilə görüşən Yasamal rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov bildirdi ki, keçmiş sovet ordusu qarşısına silahsız, əliyalın çıxaraq canlarından keçən 20 Yanvar şəhidləri müasir tariximizin qəhrəmanlarıdırlar. Ümummilli lider Heydər Əliyev 20 Yanvar faciəsi zamanı şəhid olanların ailələrinə, əlil olmuş vətəndaşlara daim diqqət və qayğı ilə yanaşıb. Bu siyasət Prezident İlham Əliyev tərəfindən də davam etdirilir. Ölkəmizin azadlığı və müstəqilliyi uğrunda şəhid olmuş və sağlamlığını itirmiş şəxslər dövlətimizin başçının hər zaman diqqət mərkəzindədir. 20 Yanvar faciəsinin Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərin xatirəsinin yad edilməsi, xalqımızın qəhrəmanlıq, birlik günü olduğunu bildirdi, şəhidlərin heç vaxt unudulmayacaqlarını, onların xatirəsinin xalqımızın qəlbində əbədi yaşayacağını vurğuladı.

Şəhid ailələri üzvləri və əlillər onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirdilər. Əziz Əzizov şəhid ailələri və 20 Yanvar əlillərinin məişət qayğıları və problemləri ilə maraqlandı.