News

Cənab Prezident İlham Əliyev Fövqəladə Hallar Nazirliyinin Akademiyasının açılışında iştirak etmişdir

Fövqəladə Hallar Nazirliyi Akademiyası binasının açılış mərasimi olmuşdur.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərasimdə iştirak etmişdir.

2005-ci ildə Prezident İlham Əliyevin Sərəncamına uyğun olaraq Azərbaycanda Fövqəladə Hallar Nazirliyinin yaradılması ilə ölkədə mülki müdafiə, ərazilərin təbii, həmçinin texnogen xarakterli fövqəladə hallardan qorunması və əhalinin təhlükəsizliyinin təmin edilməsi sahəsində kompleks tədbirlərin həyata keçirilməsinə başlandı. Dövlətimizin başçısının diqqəti sayəsində nazirliyin maddi-texniki bazası gücləndirildi, kadr hazırlığının təşkili, məlumat mübadiləsinin aparılması və digər sahələrdə nailiyyətlər əldə olundu. Ən müasir texnika, xilasetmə ləvazimatları, xüsusi geyimlər, texniki vasitələr, cihazlar alındı. Bu illərdə nazirliyin strukturuna daxil olan 9 regional mərkəz yaradıldı, yeni inzibati binalar tikilərək istifadəyə verildi. Bütün bunlar 2010-cu ildə baş verən Kür daşqınlarının, 2012-ci ildə respublikanın qərb bölgəsində qeydə alınan zəlzələnin nəticələrinin uğurla aradan qaldırılmasında mühüm rol oynadı. Ötən dövrdə nazirliyin kadr potensialının artırılması və bu istiqamətdə mühüm tədbirlərin görülməsi də Prezident İlham Əliyevin diqqət mərkəzində oldu. Odur ki, dövlətimizin başçısının 2008-ci ildə imzaladığı Sərəncama əsasən yaradılan Fövqəladə Hallar Nazirliyinin Akademiyası da bu baxımdan mühüm əhəmiyyətə malikdir. 2009-cu ildən fəaliyyətə başlayan və elə həmin il də ilk qəbulu həyata keçirən akademiya 2013-cü ildə ilk məzunlarını buraxmışdır. Heç şübhəsiz ki, ölkəmizdə və onun hüdudlarından kənarda baş verən təbii fəlakətlərin nəticələrinin aradan qaldırılmasında əsl fədakarlıq göstərən nazirliyin qüvvələri bundan sonra da vətəndaşlarımızın təhlükəsizliyinin keşiyində dayanacaqlar.

Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə raport verdi.

Dövlətimizin başçısı əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin akademiyanın həyətində ucaldılmış abidəsini ziyarət etdi, önünə gül dəstəsi qoydu.

Prezident İlham Əliyev akademiyanın binasının rəmzi açılışını bildirən lenti kəsdi.

Bildirildi ki, akademiya müasir tələblərə cavab verən xüsusi ixtisaslı ali təhsilli kadrların hazırlanmasını, Fövqəladə Hallar Nazirliyinin fəaliyyət istiqamətləri üzrə əlavə təhsilin həyata keçirilməsini və fövqəladə hallar sahəsində fundamental və tətbiqi elmi tədqiqat işlərinin aparılmasını təmin edən xüsusi təyinatlı təhsil müəssisəsidir. Bu təhsil ocağının ixtisaslı kadrlarla komplektləşdirilməsi, tədris prosesinin normativ-hüquqi aktlara və normativlərə uyğun qurulması, fövqəladə hallar sahəsində elmi tədqiqatların aparılması və digər mühüm vəzifələrin yerinə yetirilməsi üçün son illərdə bir çox işlər görülmüşdür. Hazırda akademiyada 502 kursant təhsil alır və 62 professor-müəllim heyəti çalışır. 2013-cü ildə akademiyanı 100 nəfər bitirmişdir. Onlar həyat fəaliyyətinin təhlükəsizliyi və yanğın təhlükəsizliyi mühəndisliyi ixtisaslarına yiyələnmişlər.

Məlumat verildi ki, akademiyanın strukturuna həyat fəaliyyətinin təhlükəsizliyi, yanğın təhlükəsizliyi, əlavə təhsilin təşkili, qiyabi təhsil fakültələri və altı kafedra daxildir. Fəaliyyətə başladığı ilk gündən akademiyada təhsilin məzmununun Bolonya prosesinin prinsiplərinə, tədrisin Avropa Kredit Köçürmə Sisteminin tələblərinə uyğun keçirilməsi təmin edilmişdir.

Yüksək tədris prosesinin hökm sürdüyü, fənn kabinetlərinin, auditoriyaların hər cür zəruri avadanlıqla təchiz olunduğu akademiyanın peşə ixtisası və xüsusi hazırlıq kompleksində yaradılan şəraitlə tanış olan Prezident İlham Əliyevin diqqətinə çatdırıldı ki, burada xilasetmə, tibbi hazırlıq, dalğıc və alpinist hazırlığı, siqnalizasiya və digər sahələr üzrə xüsusi tədris kabinetləri mövcuddur. Bundan əlavə, zəruri avadanlıqla təchiz edilən laboratoriyalar da tədrisin yüksək səviyyədə aparılmasına geniş imkanlar açır.

Qeyd olundu ki, tədris prosesi, eləcə də imtahanların qəbulu kompyuter və internet texnologiyalarının tətbiqi ilə həyata keçirilir. Akademiyada tədris prosesi ilə yanaşı, gənclərin vətənpərvərlik ruhunda tərbiyəsinə xüsusi diqqət göstərilir. İndiyədək müxtəlif ölkələrin müvafiq tədris müəssisələri ilə səmərəli əməkdaşlıq yaradılmışdır. Akademiyanın əməkdaşları və kursantları bir sıra beynəlxalq konfranslarda və tədbirlərdə iştirak etmişlər.

Akademiyanın həyətində böyük stadion da inşa edilmiş, kursantların idmanla məşğul olmaları üçün hər cür şərait yaradılmışdır.
Prezident İlham Əliyev son vaxtlar alınaraq Fövqəladə Hallar Nazirliyinin istifadəsinə verilən texnikalara baxdı.

Sonra dövlətimizin başçısı akademiyada yaradılan Heydər Əliyev Mərkəzində oldu. Bu mərkəz Ulu Öndərin zəngin həyat yolunun səhifələrini vərəqləməyə, Azərbaycan tarixinin bütöv bir qərinəsinə nəzər salmağa imkan verir. Ulu Öndərin irsinin geniş əks olunduğu bu mərkəzdə yaradılan şərait, geniş ekspozisiya və fotoguşələr imkan verəcəkdir ki, akademiyanın kursantları ümummilli lider Heydər Əliyev irsinə dərindən yiyələnsinlər. Burada Ulu Öndərin zəngin irsinin gələcək nəsillərə çatdırılması üçün virtual tədris sinfi, kitabxana, Ümummilli Liderə aid sənədlərin saxlandığı xüsusi guşə fəaliyyət göstərir.

Prezident İlham Əliyev Fövqəladə Hallar Nazirliyinin Akademiyasında yaradılan muzeyə də baxdı. Burada akademiyanın yaranma tarixi və son beş ildə əldə olunan uğurlar barədə geniş məlumatlar toplanmışdır. Akademiyanın bayrağı da bu muzeydədir. Xatırladaq ki, Prezident İlham Əliyev bu ilin martında akademiyanın bayrağının əsasnaməsi haqqında Fərman imzalamışdır.

Daha sonra Prezident İlham Əliyev akademiyanın kollektivi ilə görüşdü.

Akademiyanın kafedra müdiri Bahar CƏFƏROVA dövlətimizin başçısına minnətdarlıq edərək dedi:

- Cənab Prezident, akademiyamıza xoş gəlmisiniz. Sizi görməyimizə çox şadıq. Bu gözəl binanı bizə bəxş etdiyinizə görə Sizə təşəkkür edirik. Sizin Sərəncamınızla Aydın Qafarov Əməkdar Elm Xadimi adını almışdır. Mən isə Əməkdar Müəllim adına layiq görülmüşəm. Sizə çox minnətdarıq.

X X X

Mərasim iştirakçılarını salamlayan Prezident İlham ƏLİYEV dedi:

- Sizi qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə təbrik edirəm. Bayramlar ərəfəsində akademiyanın yeni binasının açılışını qeyd edirik. Çox gözəl binadır. Ən müasir avadanlıqlar, trenajorlar quraşdırılıbdır. Yəni, tədris prosesi üçün bütün şərait yaradılıbdır. Gözəl zövqlə, keyfiyyətlə tikilibdir. Ümumiyyətlə, Fövqəladə Hallar Nazirliyinin Akademiyası qısa müddət ərzində gözəl bir tədris mərkəzinə çevrilibdir. Ümid edirəm ki, biz gələcəkdə bu akademiyanın bazasında beynəlxalq tədris və təlim mərkəzi yaradacağıq. Burada mövcud olan imkanlar bunu deməyə əsas verir. Çünki hesab edirəm ki, bu bölgədə, yerləşdiyimiz regionda bu akademiyanın əlbəttə, öz yeri vardır. Əminəm ki, burada təhsil almaq üçün qonşu ölkələrdən də vətəndaşlar gələcəklər. Bu bazada əminəm ki, beynəlxalq tədris mərkəzini yarada bilərik. Əlbəttə ki, burada ilk növbədə xilasedicilərimiz öz biliklərini artıracaqlar. Gənclər müxtəlif peşələr üzrə öz ixtisaslarını təmin edəcəklər. Buna böyük ehtiyac vardır.

Ümumiyyətlə, Fövqəladə Hallar Nazirliyi yaranandan bu günə qədər böyük bir yol keçmişdir. Ölkə daxilində, xaricdə böyük işlər görmüşdür. Əfsuslar olsun ki, təbii fəlakətlər bizdən də yan keçmədi. Həm sel, daşqın, ondan sonra zəlzələ iqtisadiyyatımıza, insanların yaşayış səviyyəsinə böyük zərbə vurdu. Ancaq xoşbəxtlikdən nə daşqın, nə sel, nə də son zəlzələ zamanı heç bir bədbəxt hadisə, ölüm hadisəsi olmamışdır. Bütün vətəndaşlar vaxtında müvəqqəti yaşayış yerlərinə köçürülmüşlər. Ondan sonra əlbəttə ki, gərgin iş başlanmışdır. Çünki daşqın nəticəsində 10 minlərlə hektar torpaq, minlərlə ev su altında qalmışdır. Biz qısa müddət ərzində bütün bu vəziyyətdən əziyyət çəkən insanları yeni evlərlə təmin etdik. Dövlət hesabına minlərlə yeni ev tikilmiş, vətəndaşlara pulsuz, hədiyyə kimi verilmişdir. Məktəblər tikilmişdir. O cümlədən deyə bilərəm ki, biz zəlzələ zonasında da bir il ərzində əsas işlərin görülməsinə nail olduq. Ondan sonrakı dövrdə də tamamlama işləri aparılmışdır.

Bəyan etdiyim kimi, heç bir təbii fəlakət bizi sarsıda bilməz. Azərbaycan dövləti güclü dövlətdir. Siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Bütün bərpa işlərini və evlərin tikintisini Azərbaycan dövləti öz üzərinə götürüb. Dövlət bütün maliyyə xərclərini çəkmişdir. Texniki tərəfdən bu işləri Azərbaycan mütəxəssisləri görmüşlər. Fövqəladə Hallar Nazirliyinin bu işlərdə böyük rolu olmuşdur. Bu, bir daha onu göstərir ki, vaxtilə nazirliyin yaradılmasında böyük məna var idi. Eyni zamanda, bu gün bizim xilasedicilərimiz xarici ölkələrdə xilasetmə missiyasını icra edirlər. Bir neçə ölkədə zəlzələ, daşqın, yanğınlar zamanı bizim qruplarımız xilasetmə işlərində iştirak etmişlər, yüksək qiymətə layiq görülmüşlər, xarici ölkələrin yüksək mükafatları ilə təltif edilmişlər. Mən hesab edirəm ki, bu təcrübə də bizim üçün çox önəmlidir. Xilasedicilərimiz həm daha çox təcrübə toplayırlar, eyni zamanda, Azərbaycan bu sahədə də xoş niyyətini göstərir. Çünki mən dəfələrlə demişəm ki, bizim beynəlxalq siyasətimiz əməkdaşlıq əsasında qurulur. O cümlədən biz də çətin vəziyyətdə olan ölkələrə yardım əlimizi uzatmalıyıq, bunu edirik.

Bütövlükdə bu gün texniki təminat yüksək səviyyədədir. Son illərdə lazım olan bütün texniki avadanlıq alınmışdır. Burada quraşdırılan trenajorlar da bunun bir hissəsidir. Yəni, bu gün texniki təchizatla bağlı heç bir problem yoxdur. Düzdür, köhnədən bəzi avadanlıq hələ qalıbdır. Tədricən o da yenilənəcəkdir. Bir sözlə, Fövqəladə Hallar Nazirliyinin maddi-texniki bazası möhkəmdir, işçilərin peşəkarlığı artır, tədris prosesi düzgün təşkil edilibdir. Akademiyanın yeni binası bunu bir daha göstərir. Əminəm ki, gələcəkdə nazirliyin funksiyaları ilə bağlı heç bir problem olmayacaqdır.

Bu yaxınlarda nazirliyə əlavə funksiyalar verildi, o cümlədən strateji obyektlərin mühafizəsi. Xüsusilə, Mingəçevir və Ceyranbatan su anbarlarının mühafizəsi nazirliyə tapşırılıbdır. Qısa müddət ərzində bütün mühafizə tədbirləri görülübdür. Həm müşahidə kameraları, həm mühafizə sistemi, siqnalizasiya ən müasir səviyyədə qurulubdur. Yəni, strateji obyektlərimiz lazımi səviyyədə qorunmalıdır və qorunur. Əminəm ki, gələcəkdə də nazirliyin əməkdaşları ləyaqətlə işləyəcək, doğma Vətəninə sədaqətlə xidmət edəcəklər.

Bu gözəl hadisə münasibətilə sizi bir daha təbrik edirəm.

X X X

Sonda xatirə şəkli çəkdirildi.