News

Cənab Prezident İlham Əliyev Bakıda görkəmli bəstəkar Tofiq Quliyevin abidəsinin açılışını edib

Azərbaycan Respublikasının Cənab Prezidenti İlham Əliyev fevralın 8-də Bakıda görkəmli bəstəkar, Xalq artisti, Dövlət mükafatı laureatı Tofiq Quliyevin abidəsinin açılışında iştirak edib.

"Report" xəbər verir ki, açılış mərasimində Prezident İlham Əliyevin çıxışından sonra Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti, professor Fərhad Bədəlbəyli çıxış edərək deyib:

-Möhtərəm cənab Prezident, çox sağ olun bu sözlərə görə.

Tofiq müəllim nəinki dahi bəstəkar, dahi ictimai xadim idi, mənim üçün, Polad üçün o, Tofiq əmi idi. Biz ona uşaqlıqdan “dyadya Tofiq” deyirdik.

Əlbəttə, mən piano sənəti ilə məşğul olan bir insanam. Qeyd etməliyəm ki, o, dahi bir pianoçu idi. Çünki Aysberq kimi professor Bakıda, Neyqauz kimi dahi professor Moskvada onun müəllimləri idi. Baxmayaraq ki, Tofiq müəllim gündə iki-üç saat çalmırdı, Akademiyamıza gələndə piano arxasında bir passaj ifa edəndə biz hamımız məəttəl qalırdıq. Praktika ilə heç məşğul olmayan bu insan necə belə dahi bir pianoçu idi.

Əlbəttə, mən xoşbəxtəm ki, son illər o, bizim fəxri professorumuz idi. Hər dəfə Akademiyaya gələndə onun hansısa bir mühazirəsi olmurdu, sadəcə, biz yığışırdıq və Tofiq müəllim musiqi tarixindən, Qara Qarayev, Niyazi, Fikrət Əmirov haqqında əhvalatlar danışırdı, çünki o, canlı bir ensiklopediya idi. Mən çox danışmaq istəmirəm, çünki məndən sonra Polad da danışacaq. Mən, sadəcə, demək istəyirəm xoşbəxtəm ki, onunla təmasda olmuşam. Xoşbəxtəm ki, onun bir çox premyeralarında iştirak etmişəm, atam rejissor kimi, mən də tamaşaçı kimi. Xoşbəxtəm ki, bir-iki həftə öncə Vyanada konsertdə mən onun məşhur “Qaytağı”sını ifa etdim. Yenə də bütün avropalılar məəttəl qalırlar, bu, nə gözəl əsərdir. Xoşbəxtəm ki, vaxtilə bu əsəri - “Qaytağı”nı mənə həsr edib və indi bütün dünyada pianoçular bu əsəri ifa edirlər.

Yəni, Tofiq müəllim belə insan idi. Ulu Öndər o ordeni ona xəstəxanada təqdim etmişdi, gedib ona baş çəkmişdi və təbrik etmişdi. Bilirsiniz, bu, çox təsirli idi, biz onu həmişə xatırlayırıq.

Fürsətdən istifadə edib sonda Sizə “Çox sağ olun!” demək istəyirəm ki, Bülbülün heykəlini, Rəşid Behbudovun heykəlini, Qara Qarayevin, Fikrət Əmirovun heykəlini məhz Siz açmısınız bizimlə bir yerdə. Biz 1982-ci ilin qışında Şuşada Ulu Öndərlə bir yerdə Vaqifin məqbərəsinin açılışında iştirak edirdik. Çox yaxşıdır ki, 100 il də keçsə, bu insanların heykəlləri duracaq. Tofiq müəllim, bax, burada dayanacaq və onun musiqisi bütün dünyada yenə də səslənəcək. Çox sağ olun.

Xalq artisti, görkəmli bəstəkar Polad Bülbüloğlu çıxış edərək deyib:

- Möhtərəm cənab Prezident.

Hörmətli xanımlar, cənablar, əziz dostlar.

Əvvəla, dərin təşəkkürümü bildirmək istəyirəm ki, bu gün mənə bu abidənin açılışında söz verilib.

Mənim üçün Tofiq əmi doğrudan da əziz bir insan idi. Çünki uşaqlıqdan bizim evdə mən şahidi olmuşam ki, Tofiq müəllim gəlirdi, - bilirsiniz ki, Bülbül Tofiq Quliyevin bir neçə mahnısını, romanslarını ifa etmişdir, - Fərhad da bizdə olurdu, çox gözəl piano çalırdı. Atam həmişə öz əsərindən başqa ona müraciət edərdi ki, Tofiq bir az çal da, adamın ürəyi açılsın. Doğrudan da, elə idi, biz, - Fərhad bunu dedi, - uşaqlıqdan ona Tofiq əmi deyirdik. Mən çox şadam, xoşbəxtəm ki, ömür boyu bu insanla çox sıx təmasda olmuşam.

1960-cı illərdə Tofiq müəllim Filarmoniyanın bədii rəhbəri və direktoru idi. Biz gənc bəstəkar idik, o, bizə çox kömək edirdi, bizim əsərlərimizi alırdı, yəni, maddi yardım edirdi, bizə yol göstərirdi, tövsiyələrini verirdi. Ancaq mənə yox, bütün o nəslin, o cavan bəstəkar nəslinin, demək olar ki, mənəvi atası kimi. Ümumiyyətlə, bilirsiniz bəstəkarlar çox qısqanc olurlar, musiqiçilər də qısqanc olurlar. Amma Tofiq müəllim elə deyildi, Tofiq əmi elə deyildi. O digərlərinin uğurlarına da çox sevinirdi. Onun mahnıları ölməzdir, ona görə ki, onlar insanın daxilindən, qəlbindən, saflığından gəlir. Ona görə onun mahnılarını milyonlarla insan sevir və burada deyildiyi kimi, bu mahnılar, onun əsərləri daim yaşayacaqdır. Ona görə ki, o, insan kimi də gözəl insan idi və böyük musiqiçi idi, böyük bəstəkar idi, böyük pianoçu idi.

Hörmətli Prezidentimiz dedi, doğrudan da mən onun şahidiyəm, bizim Ulu Öndərimiz, böyük insanımız Heydər Əliyev Tofiq müəllimə xüsusi münasibət bəsləyirdi. Mənə nəsib olub, o vaxt Heydər Əliyev rayonlarda böyük müşavirələr keçirirdi və oraya gedəndə həmişə yaradıcı insanları da dəvət edirdi – bəstəkarları, rəssamları, yazıçıları, ifaçıları və bizə deyirdi ki, mən sizi buraya gətirirəm ki, əvvəla, siz bir az millətə, xalqa yaxın olasınız, ikincisi də xalq sizi görsün. Radioda eşidirlər, televizorda görürlər, amma sizi canlı görmək, onlar üçün daha xoşdur. Orada da biz görürdük ki, Heydər Əliyevin Tofiq Quliyevə xüsusi münasibəti var. Sonra mən nazir işləyəndə bir neçə dəfə bu haqda söhbətlər olub. Bilirsiniz ki, sonra Tofiq əmi Bəstəkarlar İttifaqının birinci katibi idi və onda da bəstəkarlara çox böyük yardım, çox böyük kömək edirdi.

Onu da qeyd edim ki, Tofiq müəllim çox yaxşı təşkilatçı idi. Bakıda böyük tədbirlər keçirirdi. Filarmoniyada olanda dünyaşöhrətli musiqiçiləri dəvət edirdi, onların konsertlərini təşkil edirdi, Bəstəkarlar İttifaqında plenumlar, qurultaylar, müxtəlif tədbirlər keçirirdi. Həmişə onun təşkil etdiyi tədbirlər çox yüksək səviyyədə keçirdi.

Hörmətli cənab Prezident, Fərhad da dedi, mən də öz tərəfimdən Sizə dərin təşəkkürümü bildirmək istəyirəm ki, doğrudan bizim Azərbaycanın paytaxtında, Bakı şəhərində xalqımızın xəzinəsi olan gözəl insanlara abidələr qoyulur. Həyat elə qurulub ki, əvvəl-axır biz hamımız bu dünyadan köçəcəyik. Tələsmək lazım deyil, amma əvvəl-axır olacaq. Amma bu abidələr həmişə qalacaq və Azərbaycan xalqının görkəmli insanlarını bütün dünyaya tanıtdıracaq. Məncə, bu gün Tofiq əminin ruhu şad olmalıdır. Allah ona rəhmət eləsin, qəbri nurla dolsun.

Əməkdar incəsənət xadimi Rafiq Seyidzadə çıxış edərək deyib:

-Hörmətli cənab Prezident, hörmətli tədbir iştirakçıları.

Mən Tofiq müəllim barədə bir neçə kəlmə demək istəyirəm. Mən onu xatırlayıram, onun barəsində demək olar ki, o, Azərbaycanın müasir musiqisinin, Azərbaycanın müasir estrada musiqisinin banilərindən biri olub. Hörmətli Prezidentimizin dediyi kimi, o, doğrudan da Azərbaycan cazını da böyük məharətlə təbliğ etmişdir. Demək istəyirəm ki, xatırlayıram, 1950-ci illərin ortalarında Azərbaycanda belə bir bum yaranmışdı və yeni bir mədəniyyət yaranırdı. O dövrdə gözəl ifaçılar var idi. Rəşid Behbudov Tofiq Quliyevin əsərlərini ifa edirdi və həmin əsərlər Bakıda geniş yayılmışdı. Biz cavanlar o əsərlərdən qidalanaraq yeni bir mədəniyyətə qovuşurduq.

Mən hörmətli Prezidentimizə demək istəyirəm ki, çox sağ olun, Siz bizə - incəsənət xadimlərinə belə yüksək münasibət göstərirsiniz. Çox sağ olun, cənab Prezident.

Tofiq Quliyevin qızı Lalə Quliyeva çıxış edərək deyib:

-Hörmətli cənab Prezident.

İcazə verin, atamın xatirəsinə göstərdiyiniz diqqət və qayğıya görə Sizə ailəmiz, doğmalarımız və yaxınlarımız adından təşəkkür edim. Bakıda və Şuşada küçələr, paytaxtın ən yaxşı musiqi məktəblərindən biri onun adını daşıyır, Birinci Fəxri xiyabanda gözəl abidəsi və yaşadığı evin divarında barelyefi qoyulub. Heydər Əliyev Fondu tərəfindən bəstəkarın 100 illik yubileyi ilə bağlı yaradıcılıq irsinin bərpası və qorunub saxlanması istiqamətində çox böyük iş görülüb. Onun əsərlərinin nəfis tərtibatda not və audioyazıları, kitablar nəşr olunub. Tofiq Quliyevin ad günündə Heydər Əliyev Mərkəzində təntənəli konsert təşkil edilib. İndi isə bizim hörmətli Prezidentimizin Sərəncamına əsasən, Tofiq Quliyevin 105 illik yubileyi ilə bağlı abidəsi ucaldılıb. Siz qeyd etdiyiniz kimi, bu abidənin “Heydər Əliyev İli”ndə açılması əlamətdardır və rəmzi məna daşıyır. Çünki onlar hələ gənc ikən Naxçıvanda tanış olub və ömürlərinin sonunadək dostluq ediblər.

Daha bir xatirə. Azərbaycan üçün çətin olan 1992-ci ildə atamın 75 illik yubileyi keçirilirdi. O, səhnədə çıxış edərkən demişdi ki, bu konsertin Qarabağda, Şuşada keçirilməsi onun ən böyük arzusudur. Təəssüf ki, o, bu günləri görmədi. Lakin onun musiqisi və mahnıları artıq işğaldan azad olunmuş Şuşada keçirilən birinci “Xarıbülbül” festivalında səsləndi. Əziz Prezidentimiz, atamın, bütün Azərbaycan xalqının arzusu məhz Sizin sayənizdə çin oldu. Hər şey üçün çox sağ olun!

Sonra Prezident İlham Əliyev Tofiq Quliyevin ailə üzvləri, mədəniyyət və incəsənət xadimləri ilə söhbət edib.

Onlar Azərbaycanda mədəniyyət və incəsənət sahəsinə göstərdiyi yüksək diqqət və qayğıya, eləcə də Bakının mərkəzində Tofiq Quliyevin abidəsinin ucaldılmasına görə dövlətimizin başçısına bir daha minnətdarlıqlarını bildiriblər.